Video Stenford Tibb Fakültəsindən həkim Mahadevan və Sal Xan tərəfindən hazırlanmışdır. Bu videoda onurğanın boyun şöbəsinin və boyun nahiyəsinin zədələnmələrindən danışacağıq. Boyun yaralanmaları olan xəstələrə yanaşma prinsipindən və hava yolu açmaq lazım gəldikdə invaziv müdaxilələrin necə aparıldığından bəhs edəcəyik. Tənəffüs yollarında hansısa maneə olduqda müdaxilə edilməlidir. Çox hallarda tənəffüs yollarını bağlayan bu maneə dil olur. Maneə yarandıqda isə hava ağciyərlərə daxil ola bilmir, nəticədə, ölüm baş verir. Huş itirildiyi zaman, dili hərəkət etdirən əzələlər boşalır, dil udlağa tərəf istiqamətlənir. Nəticədə, tənəffüs yollarını bağlayır. Bu halda burundan və ya ağızdan tənəffüs zamanı hava nəfəs borusuna, oradan da ağciyərlərə keçə bilmir. Yəni, insan huşunu itirib şəkildəki kimi yıxıldıqda tənəffüsü dayana, nəfəssiz qala bilər. Bu zaman o nəfəs almağa çalışsa da, ağciyərlərə kifayət qədər hava dola bilməyəcək. Burada ilk müdaxilə dilin yaratdığı maneəni aradan qaldırmaqdır. İlk iki şəkildə bunun təsvirini görürük. Birincidə başın geriyə, çənənin önə gətirildiyi vəziyyəti görürük. Xəstə arxasıüstə yatır, müdaxilə edən şəxs isə bir əlini onun alnına, digər əlini çənəsinə yerləşdirir. Başı arxaya, çənəni isə çənə sümüyündən tutaraq önə çəkməklə dili tənəffüs yollarından kənarlaşdırır. Nəticədə, hava ağciyərlərə daxil ola bilir. Qeyd edim ki, gördüyünüz bu şəkillər real xəstələrdən alınaraq illustrasiyaya çevrilmişdir. Mövzumuza geri qayıdaq. Əvvəldə danışdıqlarımıza əlavə edək ki, xəstədə onurğa sütununun yaralanması baş verərsə, boynu hərəkətə gətirmək və ya başı arxaya çəkmək zədələnməyə gətirib çıxara bilər. Xəstənin boynu döndərilsə və ya boyun nahiyəsinə təzyiq göstərilsə, sümüklər yerdəyişmə edə bilər və bu da daha ciddi zədələnmələrə səbəb ola bilər. Buna görə də onurğanın boyun nahiyəsinin yaralanmaları zamanı bu üsuldan istifadə olunmur. Sağ tərəfdəki metoda üstünlük verilir. Bu üsulda boyun nahiyəsinə daha az təzyiq göstərilir. Bu zaman sümüklərin yerdəyişmə ehtimalı daha az olur. Sağdakı şəkilə baxaq. Burada boyun yaralanması olan xəstədə çənəni itələmə manevri ilə dil tənəffüs yollarından uzaqlaşdırılır. Bu zaman çənə bucağı dörd barmaqla 90 dərəcə bucaq altında tutularaq yuxarı çəkilir. Baş barmaqlarla çənə önə itələnir. Bu, birinci şəkildəki üsula oxşayır, ancaq birincidən fərqli olaraq, burada boyuna təzyiq göstərilmir. Beləliklə, çənəni hərəkətə gətirdikdə, dil də önə çəkilir və tənəffüs yollarında olan maneə aradan qalxır. Bu üsul travma keçirmiş xəstələrdə tətbiq edilir. Daha aydın olması üçün, rentgen görüntülərinə nəzər salaq. Eyni pasiyenti görürük. Birinci rentgendə onurğa sütunun görünüşü normaya tam uyğundur. Uyğunluğa nəzər salsaq, bu, fəqərə cisimlərinin ön, bu isə arxa xəttidir. Daha sonra onurğa-səfhə xətti və tin çıxıntılarını birləşdirən xətti görürük. Hər biri normal görünür. Xətləri silirəm. Burada kiçik bir sınıq olduğunu görürük. Budur. Sınığın ön hissəsində isə şişkinlik mövcuddur. Bu gördüyümüz yumşaq toxumalardır. Sınıqla əlaqədar olaraq şişkinlik mövcuddur. Onurğanın boyun şöbəsi bağlar vasitəsilə stabilləşir. Bağların qopması və zədələnməsi rentgendə hər zaman görünmür. Bəs burada şişkinlik olduğunu necə anladıq? Rentgenə baxdıqda, onurğanın ön hissəsi ilə yumşaq toxumaların ön hissəsi arasında olan məsafənin artdığını görürük. Normada isə, bu, qısa və nazik olur. Digər rentgen isə tənəffüs yollarına müdaxilə zamanı çəkilib. Baş geriyə, çənə önə üsulundan istifadə olunub. Bu üsulla başı geriyə itələdikdə bu hissəyə təzyiq göstərilir. Bənövşəyi rənglə göstərdiyim bu hissəyə təzyiq olunur. Baş geriyə itələndiyi zaman boyun bu formada görünür. Xətləri yenidən çəkirəm. Fəqərə cisimlərinin arxa xətti normaya uyğun deyil. Bu xəttin arxasında isə onurğa beyni yerləşir. Buna görə də çox vacibdir.