Video Stenford Tibb Fakültəsindən həkim Mahadevan və Sal Xan tərəfindən hazırlanmışdır. Bu videoda onurğanın boyun şöbəsinin və boyun nahiyəsinin zədələnmələrindən danışacağıq. Boyun yaralanmaları olan xəstələrə yanaşma prinsipindən və hava yolu açmaq lazım gəldikdə invaziv müdaxilələrin necə aparıldığından bəhs edəcəyik. Tənəffüs yollarında hansısa maneə olduqda müdaxilə edilməlidir. Çox hallarda tənəffüs yollarını bağlayan bu maneə dil olur. Maneə yarandıqda isə hava ağciyərlərə daxil ola bilmir, nəticədə, ölüm baş verir. Huş itirildiyi zaman, dili hərəkət etdirən əzələlər boşalır, dil udlağa tərəf istiqamətlənir. Nəticədə, tənəffüs yollarını bağlayır. Bu halda burundan və ya ağızdan tənəffüs zamanı hava nəfəs borusuna, oradan da ağciyərlərə keçə bilmir. Yəni, insan huşunu itirib şəkildəki kimi yıxıldıqda tənəffüsü dayana, nəfəssiz qala bilər. Bu zaman o nəfəs almağa çalışsa da, ağciyərlərə kifayət qədər hava dola bilməyəcək. Burada ilk müdaxilə dilin yaratdığı maneəni aradan qaldırmaqdır. İlk iki şəkildə bunun təsvirini görürük. Birincidə başın geriyə, çənənin önə gətirildiyi vəziyyəti görürük. Xəstə arxasıüstə yatır, müdaxilə edən şəxs isə bir əlini onun alnına, digər əlini çənəsinə yerləşdirir. Başı arxaya, çənəni isə çənə sümüyündən tutaraq önə çəkməklə dili tənəffüs yollarından kənarlaşdırır. Nəticədə, hava ağciyərlərə daxil ola bilir. Qeyd edim ki, gördüyünüz bu şəkillər real xəstələrdən alınaraq illustrasiyaya çevrilmişdir. Mövzumuza geri qayıdaq. Əvvəldə danışdıqlarımıza əlavə edək ki, xəstədə onurğa sütununun yaralanması baş verərsə, boynu hərəkətə gətirmək və ya başı arxaya çəkmək zədələnməyə gətirib çıxara bilər. Xəstənin boynu döndərilsə və ya boyun nahiyəsinə təzyiq göstərilsə, sümüklər yerdəyişmə edə bilər və bu da daha ciddi zədələnmələrə səbəb ola bilər. Buna görə də onurğanın boyun nahiyəsinin yaralanmaları zamanı bu üsuldan istifadə olunmur. Sağ tərəfdəki metoda üstünlük verilir. Bu üsulda boyun nahiyəsinə daha az təzyiq göstərilir. Bu zaman sümüklərin yerdəyişmə ehtimalı daha az olur.