Bu videoda bir qədər hüceyrə membranını araşdıracağıq. Başlanğıc üçün, gəlin deyək ki, bu sizin mərkəzində çox kiçik nüvəsi olan hüceyrələrinizdən birinin rəsmidir. Hüceyrənin xaricində olan şey bizim hüceyrə membranımızdır, belə ki, hüceyrələrimizi xarici mühitin ən zərərli təsirlərindən qoruyan şey hüceyrə membranıdır. Əgər hüceyrə membranı olmasaydı, bizi ətraf mühitdən qoruyacaq heç bir şey olmayacağı üçün, yəqin ki, bu gün sağ olmazdıq. Beləliklə, bu gün hüceyrə membranını əmələ gətirən üç əsas şey--birincisi, fosfolipid, ikincisi, xolestrol və üçüncüsü zülallar haqqında danışacağıq. Deməli, haqqında danışacağımız birinci şeylər--hüceyrə membranında olan əksər komponentləri əmələ gətirən-- fosfolipidlərdir. Və vaxt çatsın deyə, mən burada əvvəlcədən hüceyrə membranının rəsmini çəkmişdim. Və görəcəyiniz bütün bu fərdi hissələr fosfolipidlərdir və fosfolipidlər buna bənzəyir. Onun polyar baş qrupu, yəni polyar fosfat qrupu var. Və o iki yağ turşusu quyruğuna malikdir. Və biz fosfolipidin nəyə bənzədiyini normal olaraq belə göstəririk. Siz hüceyrə membranında, membran boyunca fosfolipidlərin bir-birinə olduqca yaxın, birlikdə sıx yerləşdiyini görə bilərsiniz. Və biz bu membrana baxırıq. Bu bir növ eninə kəsikdir. Siz elə təsəvvür edin ki, guya membranı iki hissəyə ayırmışıq. Burada biz, əslində, fosfolipid təbəqəsi və ya bəzən ikiqat lipid təbəqəsi deyə adlandırdığımız şeyə sahibik. Membranda rast gələ biləcəyimiz ikinci şey xolestroldur. Biz tez-tez xolestrolun yeməklərdə və ya qanda olduğunu eşidirik və düşünürük ki, bu pis bir şeydir. Lakin bu halda xolestrol, əslində, hüceyrə membranımız üçün çox vacibdir. Və xolestrol buna bənzəyir. Və yenidən, vaxta qənaət etmək üçün əvvəlcədən xolestrolun necə göründüyünü çəkmişdim. Xolestrolun çoxlu halqalara sahib olduğunu görə bilərsiniz və bu xolestrolu olduqca sabit strukturla təmin edir. Xolestrolun vəzifəsinə gəldikdə, o özünü buna bənzər şəkildə fosfolipidlərin arasına daxil edir. Düşünürəm ki, o bir növ burada bufer rolunu oynayır. O hüceyrə membranının axıcılığını qoruyur. Yəni temperatur azaldıqca, xolestrol axıcılığın artmasına kömək edir. Və əgər temperatur yüksəlsə, xolestrol hüceyrə membranının axıcılığının azalmasına kömək edəcək. Beləliklə, xolestrol hüceyrə membranını bir növ axıcılığını ola biləcəyi orta həddində saxlayır. Və hüceyrə membranını əmələ gətirən üçüncü şey zülallardır və onlar, əslində, çox böyükdürlər. Hüceyrədən asılı olaraq, bəzi hüceyrələrin membranında böyük miqdarda zülal olur. Və zülallar iki əsas formada ola bilərlər. Birincisi, bütün membranı keçən bir zülala sahib ola bilərsiniz. Biz bunu inteqral zülal adlandırırıq. Bunları, həmçinin transmembran zülalları da adlandırırlar. Və bu beləcə, hüceyrənin istənilən sahəsində meydana gələ bilər. Bəzi zülallar, əslində, membranın üzərində bu şəkildə otururlar. Və ya onlar bu şəkildə digər zülalın da üzərində otura bilərlər. Bunları isə periferik zülallar adlandırırıq. Burada eyni zamanda membrandan yarımçıq keçə bilən çox nadir zülallar da var. Və nadir hallarda, bəzən hüceyrə membranının ikiqat təbəqəsindəki fosfolipidləri arasında təsadüfən tapılan bir neçə zülala da rast gəlmək olar. Zülallar, hüceyrə membranının funksiyalarında böyük rol oynayırlar. Əslində ağlımıza gələn membran funksiyalarının demək olar ki, hamısını həyata keçirirlər. Zülalların ən böyük iki işindən birincisi, əslində, reseptor rolunu oynaya bilmələridir. Belə ki, zülallar hüceyrəyə xarici mühitdə nələrin baş verdiyini söyləyə bilərlər. Əlaqə funksiyasını yerinə yetirirlər. Zülalların edə biləcəyi ikinci şey, ümumiyyətlə, transmembran zülallarında olur ki, onlar molekulların hüceyrə daxilinə və xaricinə daşınmasına kömək edə bilərlər. Beləliklə, zülalların funksiyaları ilə tanış olduqdan sonra, buradakı kimi lipidlə bağlı və ya ikiqat lipid təbəqəsinə daxildən bağlı olan zülalların nə üçün nadir olduğunu düşünürsünüz? Bunun səbəbi, zülalların rolunun ilkin olaraq reseptor--xarici mühitlə əlaqədə olmaq-- və ya daşıyıcı--maddələrin xaricdən daxilə və əksinə daşınmasına imkan vermək-- olmaqdan ibarət olması və arada qalan zülalların hüceyrə membranımızda böyük rol oynamamasıdır. Və nəhayət, lipidlərimizə və zülallarımıza birləşən çox vacib bir molekul növü var ki, bunlara karbohidratlar deyirik. Və ya qısaca olaraq, qliko deyirik. Belə ki, onlar həm qlikolipid, həm də qlikoproteinlər ola bilərlər. Və bunlar ünsiyyətdə böyük rol oynayırlar. Yəni məsələn, bir hüceyrənin bədənimizdəki başqa bir hüceyrəni tanımasını təmin edir. Əlaqədə, yəni hüceyrələrin bir-birini tanımasında rol oynayırlarsa, bəs sizcə bu şəkərlər harada yerləşməlidirlər? Yaxşı, bu şəkərlər, əsasən, membranın xaricində yerləşəcəklər. Yəni onlar zülalların üzərinə yapışacaqlar-- bunlara qlikoproteinlər deyiləcək-- və onlar periferik və inteqral zülallar ola bilərlər. Və ya onlar bu şəkildə lipidlərin üzərinə yapışa bilərlər. Və bunlar qlikolipidləri əmələ gətirir. İndi, bunu başa düşmək bir qədər çətin ola bilər. Bizim indi çəkdiyimiz hüceyrə membranının eninə kəsiyidir. Lakin hüceyrə membranına xaricdən baxsaq, yəni yuxarıdan bir görünüş kimi? O nəyə bənzəyərdi? Belə ki, bir daha mən vaxta qənaət üçün fosfolipidləri qabaqcadan çəkmişəm. Belə ki, əgər biz hüceyrə membranına xaricdən baxsaq--hüceyrə membranının üst tərəfindən baxsaq--, orada sadəcə fosfolipidlərin baş qruplarını görə bilərik. Hüceyrə membranları arasında bu şəkildə bir qədər xolestrol da görə bilərik. Və hüceyrə membranı üzərindəki bəzi böyük zülalların hüceyrəmizin hər tərəfinə səpələndiyini görə bilərik. Və nəhayət, biz xaricdən bəzi qlikolipidləri və qlikoproteinləri də görə bilərik. Və onlar özlərini zülallarımız və fosfolipidlərimizə bu şəkildə birləşdirəcəkdilər Yəni yuxarıdan hüceyrə membranımız bu şəkildə görünər. Və burada, həqiqətən, xüsusi olan bir şey var-- bu bir növ sənət əsərinə bənzəyir. Əgər xatırlayırsınızsa, ibtidai sinifdə bizə lobyaları və müxtəlif makaronları birləşdirərək sənət əsəri yaratmağımız üçün layihələr verilirdi, baxın, bu bir növ mənə onu xatırlatdı. Əslində, bizim mozaika adlandırdığımız şeydə budur. Yəni alimlər də eyni şeyi düşünürdülər. Beləliklə, alimlər hüceyrənin bu modelini maye mozaika modeli adlandırdılar və hüceyrəmizin mozaika hissəsi burada təsvir oluna bilər. Siz burada çoxlu müxtəlif hissələrin--müxtəlif rəngli hissə növlərinin-- bu gözəl hüceyrə membranını yaratmaq üçün birləşdirildiyini görə bilərsiniz. Hüceyrə membranını maye adlandırmağımızın səbəbi, hüceyrə membranındakı bu parçaların, əslində, hərəkət edə bilməsidir. Onlar daşların içində yerləşmirlər. Deməli, hüceyrə membranındakı zülallar və fosfolipidlər ətrafda bu şəkildə hərəkət edə bilirlər. Buna görə də onları maye adlandırırıq. Hüceyrə membranına yuxarıdan baxsaydıq, bu necə görünərdi? Yəni burada hərəkət, əslində, iki ölçülü deyil, o sadəcə yuxarı, aşağı, sağa və sola gedir. Əslində bir çox digər istiqamətlərdə də gedə bilər. Zülallar və fosfolipidlər hüceyrə membranının hər tərəfində hərəkət edə bilər. Yəni yenidən maye mozaika modeli budur. Bunun 1972-ci ildə kəşf olunması, bir qədər maraqlı faktdır. Yəni sadəcə 40 il əvvəl anladıq ki, hüceyrə membranımız, əslində, maye mozaika modelidir. Beləliklə, yekunlaşdırsaq, hüceyrə membranımız üç əsas maddədən əmələ gəlib. Birincisi fosfolipidlərdir. Bunlar hüceyrə membranının çox hissəsini təşkil etməklə bərabər, hüceyrə membranınızın mövcud olması üçün bir növ tikinti bloklarıdır. İkincisi xolestroldur. Xolesterol təsadüfi olaraq hüceyrə membranının hər yerinə yayılır və hüceyrə membranının axıcılığını qorumağa kömək edir. Və üçüncüsü zülaldır və zülallar demək olar ki, bütün zəruri hüceyrə membranı funksiyalarını yerinə yetirirlər. Və bütün bunlara birlikdə maye mozaika modeli deyirik, çünki hüceyrə membranımız çoxlu müxtəlif şeylərdən əmələ gəlib və bu müxtəlif şeylər həmişə ətrafda maye kimi hərəkət edirlər.