Tutduğun balıq nə boyda idi? Bu böyüklükdə? Bu böyüklükdə? Ya bu böyüklükdə? Şəkil olmadan böyük balıq tutduğunuzu heç nə ilə sübut edə bilməzsiniz. Bu, balıqçılıq ilk yaranadan bəri belə olub. Əslində isə, fotoşəkil vasitəsilə bir anı yaddaşa həkk etmək mümkün olandan əsrlər əvvəl yapon balıqçıları tutduqları balıqların hesabatını aparmaq üçün xüsusi bir üsul icad etmişlər. Bu üsul Gyotaku adlanır. Gyotaku müasir kamera kəşf olunmamışdan əvvəl Yaponiyada balıqçıların öz böyük ovlarını yaddaşa həkk etmək üçün icad etdikləri qədim balıq basmaq (çap etmək) sənətidir. "Gyo" balıq, "taku" isə təəssürat deməkdir. Gyotakunun yaranması haqda müxtəlif hekayələr mövcuddur, lakin mahiyyət etibarı ilə hər şey əsrlər əvvəl balıqçıların tutduqları balıqların növlərini və ölçülərini qeyd etmək ehtiyacından yaranmışdır. Balıqçılar dənizə çıxarkən özləri ilə kağız, mürəkkəb və fırça götürürdülər. Onlar dənizdəki macəraları haqda hekayələr danışırdılar. Yaponlar bəzi balıqlara dərin hörmət bəslədiklərindən balıqçılar onların izlərini kağıza qeyd edər, daha sonra balığı suya buraxardılar. Bu izi salmaq üçün onlar balığı zəhərsiz sumi-e mürəkkəbi ilə boyayıb düyü kağızına basardılar. Bu yolla balığı suya buraxa, yaxud yuyub bazarda sata bilərdilər. İlk dövrlərdə bu çaplar sadəcə qeyd aparmaq məqsədilə aparılır və detallı olmurdu. Lakin 19-cu əsrin ortalarından başlayaraq bu basmalara göz və digər detallar əlavə edilməyə başlanır. Balıqçılıq həvəskarı olan Lord Sakai adlı məşhur bir zadəgan böyük, qırmızı bir çapaq balığı tutanda həmin balıqdan yadigar nə isə saxlamaq istəyir. Bunun üçün də balıqçılardan birinə balığı çap etməyi əmr edir. Bu hadisədən sonra çox sayda balıqçı Gyotaku basmalarını Lord Sakaiyə təqdim edir, o da bu rəsmləri bəyənərsə, həmin balıqçıları işə götürərdi. Edo dövründə sarayı çoxlu sayda balıq basmaları bəzəyirdi. Bu dövr bitdikən sonra isə Gyotaku sənəti unudulmağa başladı. Hal-hazırda isə, Gyotaku çox adamın zövq aldığı məşhur incəsənət növüdür. Həm də deyilənə görə, bu çaplar balıqçılara da uğur gətirir. Lakin bu, incəsənət kimi bir qədər fərqlidir. Rəssamların çoxu bu sənəti təcrübə və səhvlərdən öyrənirlər. Rəssam çapa başlamazdan əvvəl, balıq çap üçün hazırlanır. Ilk öncə balıq üzərində kiçik çuxurlar olan səth üzərində yerləşdirilir. Sonra rəssam üzgəcləri açıb lövhə üzərinə bənd edərək qurumasını gözləyir. Dah sonra isə balıq su ilə yuyulur. Balığı basmaq üçün isə iki üsuldan istifadə edilir. Dolayı üsul istifadə edilərkən rəssam nəm parça, yaxud kağızı düyü yapışqanla balığa yapışdırır. Sonra isə tompo - ipəklə örtülü pambıq topdan istifadə etməklə parça, yaxud kağız üzərində balıq şəklini mürəkkəblə çap edir. Kağızı balığın üzərindən götürərkən kağızın cırılmaması gərəkdiyindən bu üsul daha çox diqqət və ustalıq tələb edir. Birbaşa üsulda isə rəssam balığın üstünü boyayıb nəm kağız, yaxud parçanı balığn üstünə basdırır. Hər iki üsulla basılmış heç bir iki şəkil heç vaxt üst-üstə düşmür, lakin hər iki halda balığın heyrətamiz təsvirini alınır. Son olaraq rəssam möhür və ya damğa ilə öz əl işini imzalayır. O, daha sonra bunu göstərərək qürurla deyə bilər: "Balıq düz bu boyda idi!"