Zaman kiçik aralıqlarla mənalıdır. Çox böyük zaman aralıqlarına baxdıqda isə nəyisə dərk etmək, demək olar ki, qeyri-mümkündür. Ona görə də yavaş-yavaş başlayaq... dəqiqələrlə, saatlarla, günlərlə. Çox güman ki, son 24 saatınızı əsasən yatmaqla, işləməklə və arabir kofe içməklə keçirmisiniz. Zəhmət olmazsa, televizora az baxın! İndi 2013-cü ilə baxaq: nisbətən nəzərə çarpmadan Hitlerin mühafizəçisi 96 yaşında vəfat etdi, iyunda isə Edvard Snouden tərəfindən NSA ("Milli Təhlükəsizlik Agentliyi") qalmaqalı başladı. Bir az geriyə getsək, 21-ci əsr hələ kifayət qədər gəncdir və əsasən nəticə etibarı ilə üçüncü İraq müharibəsinə gətirib çıxarmış 11 sentyabr hücumlarının təsiri ilə formalaşmışdır. Ah... və Facebook və smartfonlar həyatımızı ələ aldılar. Amma biz hələ yeni başlayırıq. Bir az da geriyə qayıdaq. 20-ci əsrin payına da öz münaqişələri düşmüşdür. İki dağıdıcı dünya müharibəsindən sonra onun təxminən bütün ikinci yarısı boyunca soyuq müharibə davam etmişdir. Orta insan ömrü bu şeylərin çoxunu əhatə edir, İnternetin yaranması və informasiya əsrinin başlanması da daxil olmaqla. Hazırda dünyanın ən yaşlı insanı 1898-ci ildə anadan olmuş Misao Okavadır, bu isə o deməkdir ki, onun anadan olduğu tarix Napoleonun Avropanı idarə etdiyi dövrlərə bu gündən daha yaxındır. Bəşəriyyət tarixinin son beş yüz ili həyat tərzimizə çoxlu dəyişikliklər gətirmişdir: Sənayeləşmə kommunizm kimi yeni ideyalara təkan verdi, kəndliləri işçilər əvəz etdilər və biliklərin yayılması asanlaşdı. Təkamül nəzəriyyəsi özümüz və yaşadığımız dünya haqqında təsəvvürlərimizi dəyişdirdi. Bütün bunlar cəmi bir neçə yüz il ərzində! 15-ci əsr hadisələrlə çox zəngin idi: Kolumbun Amerikanı kəşf etməsi və Konstantinopolun süqutu orta əsrlərin sonunu xarakterizə edir. Orta əsr insanları ərazi və din uğrunda müharibələrdə çox yaxşı idilər, amma taun xəstəliyi müharibədən daha effektiv idi və altı il ərzində hər üç Avropalıdan birini öldürdü. Bizim eranın əvvəlinə çatarkən haradan gəldiyimizə bir daha nəzər salaq. Bizim indiki əsrimiz çox balacadır, 2013-cü il isə güclə görünür. Bu da yazılmış bəşəriyyət tarixidir. Piramidalar 4500 il əvvəl tikilmişdir, Roma İmperiyasının zirvəsi 2000 il əvvəl olmuşdur, ona görə də Romalılar bizim üçün nə qədər qədimdirlərsə, onlar üçün də piramidalar o qədər qədim olub. Tarix yazı ilə başlayır. Bəs ondan əvvəl nə baş verib? Təxminən 12 000 il əvvəl kənd təsərrüfatında inqilab olub. Bəşəriyyət torpağı becərməyə başladı ki, bu da şəhərlərin və daha böyük icmaların inkişafına gətirib çıxardı. İnsan növünün Yer planetində hökmranlığı buradan başlayıb. 90 000 il əvvəl neandertallar və insanlar Avropada eyni zamanda yaşayıblar. Qəribə fakt: müasir kosmik gəminin bizə ən yaxın ulduza çatmasına təxminən bu qədər vaxt lazımdır (Günəşi nəzərə almasaq). Homo sapiens, yəni müasir insan 200 000 il əvvəl təkamül edib. İnsan tarixinin hamısına baxanda "bizim əsr" adlandırdığımız dövr necə də balacadır, elə deyilmi? 6 000 000 il əvvəl əcdadlarımız və müasir şimpanzelər son dəfə olaraq ortaq əcdadı bölüşürdülər. 2 750 000 il ərzində isə maraq yalnız daş alətlərə idi. Cəmi 65 000 0000 il əvvəl nəhəng partlayış ilə dinozavrlar erası sona çatdı və bu da məməlilərin inkişafına şərait yaratdı. Amma dinozavrlar ağlasığmaz qədər uzun müddət planetimizdə hökmranlıq etdilər: 165 000 000 ildən çox! Bu vaxt o qədər çoxdur ki, 65 000 000 il əvvəl yaşamış tirannozavr reks Mayli Sayrusun canlı konsertini görməyə canlı steqozavr görməkdən daha yaxındır. Bu planetdə heyvanlar aləmi 600 000 000 il əvvəl başlamışdır: ən erkən heyvanlar balıqlar və digər sadə dəniz canlıları idi, sonra həşəratlar, sonra isə sürünənlər gəldilər və nəhayət, təxminən 200 000 000 il əvvəl məməlilər dəstəyə qoşuldular. Həyatın özü isə xeyli əvvəl başlamışdı: 3 600 000 000 il əvvəl. Hər hansı heyvan mövcud olmazdan əvvəl 2 400 000 000 il ərzində həyat yalnız xırda mikroblardan, saysız-hesabsız təkhüceyrəli bakteriyalardan ibarət idi. 3 000 000 000 il ərzində Yer üzərindəki bütün həyat gözlə görünməz səviyyədə idi. Təkhüceyrəli orqanizmlərin inkişaf edərək balıq və ya ərincək kimi mürəkkəb canlı formalarına necə çevrildiyini başa düşmək çətindir. Cavab zamandır, lap çox zaman: 2 400 000 000 il isə çox uzun zamandır! 4 600 000 000 il əvvəl nəhəng bir partlayışın qalıqlarından Günəş əmələ gəldi, 60 000 000 il sonra isə Yer yarandı. Həmin illərdə kometlər və asteroidlər tərəfindən tez-tez baş verən bombardmanlar Yer kürəsini böyük okeanlar və kosmik gəmi göndərmək üçün Ay ilə təchiz etdi. Amma bütöv kainatla müqayisədə bizim Günəş sistemi çox yenidir. 13 750 000 000 il əvvəl kainat yarandı, 600 000 000 il sonra isə milyardlarla ulduzdan bizim öz qalaktikamız yarandı, bəs Böyük Partlayışdan əvvəl nə var idi? Həqiqət budur ki, biz bunu hələ bilmirik... və bəlkə də heç vaxt bilməyəcəyik. Amma ona da bir rəng verdik ki, heç olmazsa nə isə olsun. Beləliklə axıra çatdıq: Keçmiş. İndi isə gələcək haqqında nə bildiyimizə baxaq. Təxminən 1 000 000 000 il sonra Günəş o qədər isti olacaq ki, Yerdə həyat mümkün olmayacaq, 4 000 000 000 il sonra Günəşin ölümü isə Günəş sisteminin sonu olacaq. Yaxşı, artıq Günəş sistemi yoxdur. Bəs ondan sonra nə baş verəcək? Bundan bir neçə trilyon il sonra ulduzların emalı dayanacaq və bir gün kainatdakı son ulduz məhv olacaq. Kainat qaranlığa qərq olacaq, orada yalnız qara dəliklər mövcud olacaq. Sonuncu qara dəlik buxarlandıqdan xeyli sonra isə kainatımız özünün son mərhələsinə çatacaq: "İsti ölüm" adlanan bir şey. Artıq heç nə dəyişmir, kainat ölüdür, həmişəlik. İndi siz bir az qorxunc hislər keçirirsiniz, elə deyilmi? Elə biz də! Bu təbiidir. Yaxşı xəbər isə budur: buna hələ lap çox var! Əsil vacib olan isə indidir. Xoşunuza gələn o qəşəng qızla ... ... görüş təyin edin! Zaman dəyərlidir, onun qədrini bilin!