Təşəkkürlər! Bir gün Hindistanın Maharaca adlı kralı ad günündə yeni qanun qəbul edir. Qanuna görə bütün rütbəli şəxslər ona hədiyyə gətirməli idi. Bəziləri yaxşı ipək, bəziləri qeyri-adi qılınc bəziləri isə qızıl hədiyyə etdi. Ən sonda isə üzü-gözü qırışmış yaşlı bir kişi gəldi. O, yaşadığı kənddən buraya günlərdir dəniz sahili boyunca piyada yol qət etmişdi. İçəri girən kimi kralın oğlu ondan atası üçün nə hədiyyə gətirdiyini soruşdu. Qoca göstərmək üçün yavaş-yavaş əlini açdı. Əlində al qırmızı, sarı, qırmızı və mavi çalarlı çox gözəl bir balıqqulağı var idi. Kralın oğlu həmin an dedi: "Bu krala layiq hədiyyə deyil. Belə də hədiyyə olar?" Qoca başını yavaş yavaş qaldırıb oğlana baxdı və "Uzun yol qət etməyim də hədiyyənin digər qismidir" cavabını verdi. (Gülüş) Bir neçə dəqiqədən sonra da mən sizə bir hədiyyə verəcəm. Zənnimcə, bu hədiyyə paylaşılmağa dəyər bir hədiyyədir. Ancaq ondan öncə izin verin, qət etdiyim uzun yola sizi də aparım. Çoxlarınız kimi mən də həyata balaca uşaq olaraq başladım. İçinizdə neçə nəfər həyata uşaq olaraq başlayıb? Bəlkə, gənc olaraq doğulmusuz? Təxminən yarınız.. (Gülüş) Bəs geridə qalanlarınız necə? Tam yetkin olaraqmı dünyaya gəlmisiz? Ananı tanımağı çox istərdim, qardaşım! Gəlin indi də imkansızlar haqqında danışaq. Uşaqlıqdan bəri hər zaman imkansızı etməyi arzulamışam. İllərdir etmək istədiyimi də elə bu gün həyata keçirəcəm. Çünki bu gün sizlərin gözü önündə imkansızı etməyə cəhd edəcəm. Elə burda, TEDxMaastricht səhnəsində. Ancaq başlamamışdan qabaq sonda nə olacağı haqda bir az açıqlama verəcəm. İndi isə sizə imkansızın əslində imkansız olmadığını göstərəcəm. Sonda isə sizə paylaşılmağa dəyər bir hədiyyə verəcəyəm. Həyatda bütün imkansızları bacara biləcəyinizi göstərəcəm. İmkansızları etməklə bağlı araşdırmamda iki şeyin dünyadakı insanlar arasında bəşəri dəyəri olduğunu gördüm. Hər kəsin qorxuları da var, arzuları da. Eyni zamanda, bu araşdırmamda illərdir etdiyim üç şeyin imkansızı etməyə səbəb olduğunu gördüm. Birincisi "Ortadaqaldı" və ya sizin deyiminizlə "Trefbol" oyunu İkincisi "Supermen" Üçüncüsü isə həşərat. Bu üçü mənə görə açar sözlərdir. Həyatda hər zaman imkansızları etməyimin səbəbini bilirsinizmi? Gəlin sizi uzun yol qət etdiyim səyahətimə aparım. Burda qorxulardan arzulara Sözlərdən qılınclara ortadaqaldı oyunundan Supermenə, həşərata gedən yol var. Ümid edirəm, həm də sizə imkansızları necə bacara biləcəyinizi də göstərə bilərəm. 4 Oktyabr 2007-ci il. Ürəyim yerindən çıxacaq kimi idi. Ayaqlarım isə tir-tir əsirdi. Və mən Harvard Universitetindəki Sanderts Teatrının səhnəsinə doğru addımlayıram. Həmin il "Qılınc udma və onun əks təsirləri" adlı elmi məqaləmə görə 2007-ci ilin Tibb Sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdüm. (Gülüş) Bu məqalə heç vaxt oxumadığım "The British Medical Journal" adlı kiçik bir jurnalda dərc edilmişdi. Mənə görə bu həyata keçməsi mümkün olmayan bir arzu idi. Bu mənim kimi insana gözlənilməz bir sürpriz idi. Bu unutmadığım bir şərəf idi. Ancaq, həyatımdakı ən yaddaqalan hadisə də deyildi. 4 Oktyabr 1967-ci il. Qorxaq, utancaq, cılız və zəif bir uşaq hədsiz qorxularından əziyyət çəkirdi. Səhnəyə doğru addımlamağa hazır olduğunda ürəyi yerindən çıxacaq kimi döyünürdü, dizləri isə tir-tir əsirdi. Danışmaq üçün ağzını açır, ancaq sözlər heç cür dilinə gəlmirdi. Qorxusundan tir-tir əsirdi. Həyəcandan, sanki, bir tərəfi işləmirdi. Qorxudan yerindəcə donub qalmışdı. Bu qorxaq, utancaq, cılız və arıq uşaq hədsiz qorxularından əziyyət çəkirdi. Onun qaranlıq qorxusu var idi. Onun yüksəklik qorxusu var idi. İlanlardan və hörümçəklərdən qorxardı. İçinizdə hansınız ilan və hörümçəklərdən qorxur? Bəziləriniz, hə? Sudan və köpək balıqlarından qorxurdu. Həkimlərdən, tibb bacılarından, diş həkimlərindən qorxurdu. İynələrdən, drellərdən və iti alətlərdən qorxurdu. Ən çox da insanlardan qorxurdu. Bu qorxaq, utancaq, cılız və arıq uşaq mən idim. Uğursuzluqlardan və imtina edilməkdən qorxurdum. Özünə dəyər hislərindən yoxsun idim və hər zaman özümü aşağılarda görürdüm. Hətta, həmin vaxtlar adını belə bilmədiyim sosial narahatlıq pozğunluğuna düçar olmuş bir uşaq idim. Çünki, məndən güclü olan uşaqların sataşıb məni döyməklərindən qorxurdum. Onlar hər zaman mənə ləqəb qoyub gülərdilər. Məni heç vaxt öz oyunlarına qəbul etməzdilər. Ancaq, onlar bir gün oyunlarına məni də aldılar. Ortadaqaldı oyununa. Topu geri qaytara bilmirdim. Onlar mənim adımı çağıranda yuxarı baxıb həmin qırmızı topların səs sürətindən də yuxarı bir sürətlə üstümə gəldiyini gördüm. bam, bam, bam! Məktəbdən evə qayıtdığım günləri xatırlayıram. Üzüm, qulaqlarım, gözlərim qızarar, ağrıdan yanardım. Qulaqlarım uğuldayardı. Gözlərim yaşla dolu idi. Onların sözləri qulağımı deşirdi. Kimsə sizə "Çubuq və daşla sümüklərimi sındırsalar da deyilən sözlər məni incitməz" desə İnanmayın. Yalandır. Söz insanı bıçaq kimi kəsər. Söz içini qılınc kimi dələr. Söz yarası dərin olar. Elə dərin ki, izi belə görünməz! Bəli, qorxularım var idi. Sözlər ən qatı düşmənlərim idi. Hələ də elədir. Ancaq, arzularım da var idi. Evə gedib Supermen şəkli olan hekayələrinin içinə qərq olacaqdım. Supermen haqqında olan şəkilli hekayələri oxuyacaqdım. Hər zaman Supermen kimi bir super qəhrəman olmağı arzulayardım. Həqiqət və ədalət uğrunda mübarizə aparmaq istəmişəm. Xainlərə və kriptonitlərə qarşı mübarizə aparmaq istəmişəm. Superqəhrəman olub dünyanın hər yerinə uçaraq, həyat qurtarmağı arzulamışam. Real şeylərə qarşı da böyük həvəsim olub. "Ginesin Rekordlar kitabı" ilə Ripleyin "Ya inan, ya yox" kitablarını oxuyardım. Heç siz bunları oxumusunuzmu? Bu kitabları çox sevirəm! Real qəhrəmanlıqlar edənləri də görüb, "Mən də bunları edim" demişəm. O uşaqlar oynadıqları oyuna məni də qatmadıqda real sehrlər, real qəhrəmanlıqlar etməyi arzulamışam. Onların bacarmadığı, qeyri-adi bir şeyi etmək istəmişəm. Məqsədlərimə çatmaq, axtardıqlarımı tapmağı istəmişəm. Həyatımın bir mənası olduğunu bilmək istəmişəm. Dünyanı dəyişmək naminə qeyri-adi şeylər etmək istəmişəm. İmkansızın mümkün olduğunu sübut etmək istəmişəm. 10 il elə tez gəlib keçdi ki... 21 yaşıma girməyə bir həftə qalmışdı. Həmin vaxt bir gündə həyatımı kökündən dəyişdirəcək iki hadisə baş verdi. Hindistanın cənubunda yerləşən Tamil Nadu adlı rayonda yaşayırdım. Orada missionerlik edirdim. Buradakı müəllimim həm də dostum idi. O, bir gün məndən: "Tromların varmı, Daniel?" deyə soruşdu. Mən Tromun nə olduğunu soruşdum. O isə cavabında tromların həyatdakı əsas qayələr olduğunu, yəni, arzu və qayələrin birləşməsi olduğunu dedi. Yəni, edə bildiyini, etmək istədiyini et. İstədiyin yerə get. Olmaq istədiyin kimi ol. Hara getmək və ya nə etmək istərdin? Kim olmaq istərdin? Mən isə " Yox, bacarmaram. Qorxuram. Çox qorxuram" dedim. Elə həmin gecə düyü saplağından hazırlanmış həsirimlə bunqalonun damına çıxıb ulduzların altında uzandım. Yarasa və həşəratların bombalamaq üçün şığımalarını izlədim. Tək düşündüyüm şeylər tromlar, arzular və məqsədlər və ortadaqaldı oyunundakı uşaqlar idi. Bir neçə saatdan sonra mən oyandım. Ürəyim dəhşət döyünürdü. Bu dəfə qorxudan yox. Bütün bədənim qıc olmuşdu. Düz beş gün huşum itib düzəlir və ölümlə mübarizə apardım. Beynimin içi 105 dərəcəli malyariya qızdırmasından yanırdı. Huşum yerinə qayıdanda isə yenə tək düşündüyüm şey tromlar oldu. Öz-özümə həyatda başqa nə etmək istədiyimi düşündüm. Və nəhayət, 21 yaşıma bir gecə qalmış hər şeyin açığa çıxdığı an Mən bir şeyi dərk etdim. 5 mikroqramdan da az çəkisi olan və duz dənəciyindən də kiçik olan Anofeles Stefensi adlı bu balaca həşəratın 80 kiloluq bir adamı məhv etdiyinə görə bunun mənə görə bir kriptonit olduğunu anladım. Daha sonra isə başqa şeyi anladım. Ancaq, bu həşəratla bağlı deyildi. Bu həmin həşəratın içindəki balaca parazitlə bağlı idi. Plazmodium Falsiparium adlı bu parazit ildə bir milyondan çox insanı öldürür. Sonra başqa bir şeyi... Bu ondan da kiçik olsa da ancaq, gözümdə ən böyüyü idi. Mən qorxunun, kriptonitimin nə olduğunu anladım. Məni şikəst edən və bütün həyatımı paralic edənin bir parazit olduğunu anladım. Bilirsiniz, təhlükə ilə qorxu arasında bir fərq var. Təhlükə real, qorxu isə seçimdir. Mən qarşımda bir seçimimin olduğunu anladım. Ya qorxu içində yaşamalı, ya da qorxularımı ölümə tərk edib arzularıma çataraq bu həyatı yaşamağı seçəcəkdim. Bunu da bilirsiz ki, ölüm döşəyində olmaq və ölümlə burun-buruna gəlmək səni sadəcə yaşamağa sövq edir. Başa düşdüm ki, bir gün hamı öləcək. Çoxları əsl həyatı yaşamır. Ölümlü dünyada yaşayırıq. İnsan öləcəyini öyrəndikdə əslində yaşamağı da öyrənir. Beləliklə də, mən dəyişmək qərarına gəldim. Elə hekayəm də həmin gecədən başladı. Artıq ölmək istəmirdim. Başladım bu kiçik duamı etməyə: " Allahım, əgər 21 yaşıma çata bilsəm, artıq qorxularımdan asılı yaşamayacam. Onları ölümə tərk edəcəm. Arzularıma çatmaq üçün əlimdən gələni edəcəm. Davranışlarımı dəyişdirmək, həyatımda qeyri-adi bir şey etmək, axtardıqlarımı tapmaq və məqsədlərimə çatmaq, imkansızın əslində mümkün olduğunu bilmək istəyirəm. O gecə sağ qalıb-qalmadığımı demiyəcəm. Bunu da siz bilin! (Gülüş) Ancaq, o gecə mən ilk 10 tromumun siyahısını tutdum. Böyük qitələrə getmək, dünyanın 7 möcüzəsini görmək, bir neçə dil öyrənmək, kimsəsiz adada yaşamaq, okeanın içində gəmidə yaşamaq, Amazondakı qızıldərililərlə birgə yaşamaq İsveçdəki ən yüksək dağın zirvəsinə dırmanmaq qərarına gəldim. Gün doğarkən Everest dağına baxmaq istədim. Naşvildə musiqi biznesi ilə məşğul olmaq, sirkdə işləmək istədim. Və mən təyyarədən aşağı tullanmaq istədim. Bu tromların çoxunu növbəti 20 il ərzində həyata keçirdim. Hər dəfə yerinə yetirdikcə də o tromları siyahıdan çıxardım. Sonra isə siyahıma 5-10 trom da əlavə etdim. Beləliklə, siyahım daha da böyüdü. Son 7 ildə Bahamada kiçik bir adada yaşadım, Bu 7 il ərzində samandan dam örtüyü olan kiçik bir daxmada yaşadım. Orada tək yeyiləcək şey oxatan köpəkbalığı və dəniz pişiyi idi. Əynimdə isə yalnızca qurşaqdan aşağı örtük var idi. Mən onda köpəkbalıqları ilə bir yerdə üzməyi öyrəndim. Daha sonra oradan Meksikaya, Meksikadan Ekvadordakı Amazon çay hövzəsinə gəlib oradakı Pujo Ponqo adlı qəbilə ilə yaşadım. Bu tromlarım sayəsində isə məndə özümə inam hissi formalaşmağa başladı. Əvvəlcə Naşvildə, daha sonra isə İsveçrənin Stokholm şəhərinə köçüb, orada musiqi biznesi ilə məşğul oldum. Orada yaşadığım zaman şimal qütbündəki Kebnekeys dağının təpəsinə dırmandım. Klounluğu, janqlyorluğu, sütunlarla yeriməyi tək təkərli velosiped sürməyi, od udmağı, şüşə yeməyi öyrəndim. 1997-ci ildə 10-dan az qılınc udanın qaldığı məlumatını əldə etdim. Öz-özümə "bunu da etməliyəm" dedim. Bir qılınc udanla görüşüb ondan qılınc udmanın bəzi metodlarını öyrəndim. O mənə 2 metod öyrədəcəyini dedi. Birincisi, bu çox təhlükəlidir. Cəhd edənlərin çoxu həyatını itirib. İkincisi isə buna girişməməyimi tövsiyə etdi. (Gülüş) Ancaq, mən bunu da tromlarımın siyahısına saldım. Gündə 10-12 dəfə öz üzərimdə işləməyə başladım. Düz dörd il! İndi hesablayaq 4 x 365 [x 12] Deməli 130000 dəfə uğursuz nəticə əldə etmişəm. və nəhayət, 2001-ci ildə ilk dəfə qılınc boğazımdan aşağı düşdü. Həmin müddət ərzində yeni bir trom kəşf etdim. Qılınc udmada dünyanın öndə gələn ekspertlərindən olmalı idim. Beləliklə, bütün qəzet, jurnal, kitab və məqalələrdə bu haqda məlumat axtardım. Bunun üçün psixologiya və anatomiyanı oxudum. Bu haqda həkim və tibb bacıları ilə danışıqlar apardım. Beynəlxalq Qılınc Udanlar Assossiasiyasının bütün qılınc udanları ilə əlaqə saxladım. Düz iki il "Qılınc udma və onun əks təsirləri" adlı tibbi məqalə yazdım. Bu məqaləm "The British Medical Journal" adlı jurnalda dərc olundu. (Gülüş) Təşəkkürlər. (Alqış) Beləliklə də, qılınc udma ilə bağlı bir çox maraqlı məlumatlar əldə etdim. İçlərində əvvəl ağla belə gəlməyəcək, amma, bundan sonra gələcək kəslər vardı. Burdan evinizə gedəndə ətinizi ya öz bıçağınızla, ya qılıncla ya da digər kəsici alətlə kəsəcəksiniz. Və bu haqda da düşünəcəksiniz. Qılıncudmanın ilk dəfə Hindistanda başladığını öyrəndim. Və bunu elə ilk dəfə, 20 yaşımda orada gördüm. Bu ilk dəfə təxminən 4000 il bundan öncə, yəni b.e.ə 2000-ci ildə tətbiq olunub. Qılıncudma ötən 150 il ərzində elmi və tibbi sahələrdə geniş şəkildə tətbiq olunub. Onun müasir formasi isə 1968-ci ildə Almaniyanın Frayburq əyalətindən olan Dr. Adolf Kussamaul tərəfindən kəşf olunmuş sərt endoskopiyadır. 1906-cı ildə isə Uelsdə udma refleksinin pozulmasını və həzm sistemini öyrənmək məqsədiylə elektrodiaqram, və buna bənzər bronxoskop kəşf olundu. Ancaq, bu 150 ildə yüzlərlə yaralanma və onlarla ölüm hadisələri baş verdi. Bu da Dr. Adolf Kassamaulun kəşf etdiyi sərt endoskopiya. Ancaq, biz bu 150 il ərzində 29 ölüm hadisəsinin olduğunu öyrəndik. Həmçinin, buna Londonda qılınc udmağa çalışarkən ürəyini deşən şəxs də daxildir. Hər il 3-dən 8-ə qədər adamın qılınc udarkən ciddi yaralandığını da öyrəndik. Bununla bağlı çox telefon zəngləri aldığımdan, geniş məlumata sahibəm. Ötən bir neçə həftə ərzində İsveçdən və Orlandodan olan iki nəfərin dünyasını dəyişdiyini bilirəm. Ağır yaralanıb xəstəxanaya qaldırılanlar da olub. Bəli, bu olduqca təhlükəlidir. Digər tərəfdən də, çoxunun qılıncudmanı 2 ildən 10 ilə qədər vaxt sərf etdiyini öyrəndim. Ancaq, kəşf etdiklərimin ən inanılmazı qılıncudanların imkansızı necə bacardığı oldu. İndi isə sizə kiçik bir sirr verəcəm. Mümkün olmayan 99,9%-ə yox, mümkün olacaq o bir faizə fikrinizi yönəldin və bunu həyata keçirməyə çalışın. İndi də gəlin sizi qılıncudanın düşüncələrinə aparım. QIlıncudan həmin maddəyə fikrini yönəltməli, dəqiq və diqqətli olmalı, gücləndirilmiş beyin sinapsisi və bir hərəkəti təkrarlayan əzələlər vasitəsiylə daxili orqanların yerlərini müəyyənləşdirmək, avtomatik bədən reflekslərinin qarşısını almaq üçün ən kiçik detalları bilməli, şüurlu şəkildə bunu bəlkə də 10000 dəfədən çox məşq etməlidir. İndi isə gəlin sizi qılıncudanın bədəninə kiçik bir səyahətə aparım. Qılınc udmaq üçün xəncəri dilimin üzərindən sürüşdrməli, qida borusunun boyun hissəsindəki qusma refleksini yatırmalı qırtlaqüstündən 90 dərəcə aşağı cevirərək üzükvari qığırdağın üst kardial sfinkterinden keçib peristaltik refleksin baş verməsinin qarşısını alıb, xəncəri döş boşluğunun içərisinə, oradan da ağ ciyərlərin arasına doğru sürüşdürürəm. Bura çatdıqda isə, ürəyimi yavaşca bir az kənara doğru çəkməliyəm. Diqqətlə baxsaz udduğum qılınc ürəyə doğru söykəndiyindən qida borusu toxumasından təxminən 2,5 sm aralıda yerləşən ürəyimin qılıncla bir yerdə vuracağını görəcəksiz. Bunları etməyi sizə məsləhət görmürəm. Daha sonra bunu döş sümüyündən keçirib, qida borusunun aşağı sfinkterindən mədəyə doğru endirməli mədədə ögümə refleksini dayandırıb, onikibarmaq bağırsağa doğru aparmalıyam. Elə bil bir tikə keksdir. (Gülüş) Daha da irəliyə getsəm Almancada da "Fallopian tubes" adı verilən uşaqlıq borusuna kimi salsam, daha sonra xanımlarınızdan bu barədə məlumat ala bilərsiz... İnsanlar mənə "Həyatını niyə riskə atırsan? Bu iş böyük cəsarət tələb edir. Düz ürəyinin yanından qılınc keçirirsən" deyirlər. Xeyr. Elə əsl cəsarət də bu qorxaq, utancaq, cılız və arıq uşağın uğursuz nəticə əldə etmə və imtina edlmə kimi təhlükələri gözə alıb ürəyini açmağıdır. Bütün qürurunu bir kənara qoyub, burada tanımadığı insanların qarşısında dayanıb sizə öz qorxuları və arzularını danışmaq, bağırsaqlarının istər həqiqi, istərsə də məcazi mənada dağıtmağı gözə almaqdır. Bəli...Təşəkkürlər. (Alqış) Bəli, ən inanılmazı isə həyatda hər zaman qeyri-adi şeylər etmək arzusumda olmağıdır. Elə də oldu. Ancaq, əsl yadda qalan hadisə bir dəfəyə 21 qılınc udmağım, Ripleyin "İstər inan, istər inanma" adlı kitabında yer almaq üçün 88 köpəkbalığı və dəniz pişiyinin olduğu anbarın təxminən 6 metr dərinliyində qalmağım, və ya Sten Linin "Superqəhrəmanlar" adlı çoxseriyalı sənədli filmində yer almaq üçün "Dəmir adam" adını qazanmış biri kimi 1500 dərəcəyədək istiliyi olan qılıncı udmağım yox, Ripleyin və Ginesin kitablarına düşmək üçün qılıncla maşını dartmağım və bunu "Amerikada istedad yetişir" yarışmasının final mərhələsində təkrarlamağım, 2007-ci ildə tibb üzrə Nobel Mükafatı almağım deyildi. Bunların heç biri mənə qeyri-adi gəlmirdi. İnsanlara belə görünə bilər. Əslində, mənə qeyri-adi gələnlər Allahın hündürlükdən, sudan və köpək balıqlarından, həkimdən, tibb bacısından, iynədən, kəsici alətlərdən, insanlarla danışmaqdan çəkinən qorxaq, utancaq, cılız və zəif uşağın 9 km yüksəklikdə uçaraq dünyanı gəzməyi nəsib etməsi, köpəkbalıqları ilə dolu su anbarında itiuclu alətləri udmağı nəsib etməsi, həkim və tibb bacılarıyla, dünya səhnələrində insanlarla danışma cəsarətini nəsib etməsidir. Bax bunları heç vaxt ağlıma gətirməzdim. Hər zaman imkansızları etməyi istəmişəm. Təşəkkürlər! (Alqış) Təşəkkürlər! (Alqış) Hər zaman arzusunda olduğum şeyi isə baxın indi edirəm. Hər zaman həyatımı və dünyanı dəyişəcək yadda qalan əməllər etməyi arzulamışam Və mən öz arzuma çata bildim. Hər zaman superqəhrəmanlar kimi dünyanı uçaraq gəzmək, həyat qurtarmaq istəmişəm. Və mən bu arzularıma çatmışam. Ancaq bir şey də deyim. Bu balaca uşağın qəlbinin dərinliklərində hələ də həyata keçməyən kiçik bir arzusu qalıb. (Gülüş) (Alqış) Hər zaman istədiyim və axtardığım şeyi tapmaq arzusunda olmuşam. Buna da nail ola bilmişəm. Sizcə bu nə ola bilər? Bu nə qılınc, nə sizin düşündüyünüz, nə də güclərimlə bağlı olan bir şeydir. Əslində bu zəifliklərim və sözlərimlə bağlı olan bir şeydir. Mənim tək istəyim, tək amalım qorxunu yenərək dünyanı dəyişdirməkdir. Bir dəfəyə bir qılıncla, bir dəfəyə bir sözlə, bir dəfəyə bir bıçaqla, bir dəfəlik bir ömürlə. İnsanları superqəhrəman olmağa həvəsləndirmək və həyatlarında ağıllarına gətirmədiklərini etmək. Tək amalım insanların özlərini kəşf etməsinə yardım etməkdir. Bəs sizin necə? Məqsədiniz nədir? Burada olmaq səbəbiniz nədir? Əminəm, hamımızın içində bir superqəhrəman yatır. Bəs sizin supergücləriniz nədir? Yeddi milyarddan çox əhalisi olan dünyada bu gün sadəcə bir neçə, təxminən 12-yə yaxın qılıncudan qalıb. Səndən bir dənədir Tayın-bərabərin yoxdur. Bəs sənin hekayən nədir? Səni fərqli edən nədir? İndi də sən hekayəni danış. Səsin yüksək çıxmasa da, utansan belə danış! Sənin tromların nədir? Edə biləcəyin varsa öncə özünü tanıt, sonra istədiyin yerə get. Nə edə bilərsən? Hara gedə bilərsən? Nəyi etmək istərdin? Həyatında etmək istədiklərin nədir? Ən böyük arzuların məsələn.... Uşaqkən nəyi ən çox xəyal edərdin? Bir az keçmişə qayıt. Ümid edirəm, düşündüyümü siz də düşünmürsüz. Ən çılğın arzularınız nə olub? Sizə qəribə gələn, bəlkə də heç kimə demədiyiniz. Əminəm, bundan sonra xəyallarınız sizə qəribə gəlməyəcək. Sizin qılıncınız hansıdır? Hər birinizin qılıncı var. Bir tərəfində qorxu, digər tərəfində isə arzular olan qılınc. Siz də öz qılıncınızı heç düşünmədən udun. Xanımlar və bəylər, arzularınızın arxasınca gedin. İstəklərinizi həyata keçirmək hələ də gec deyil. O, ortadaqaldı oyunundakı uşaqlar heç vaxt imkansızı bacara bilməyəcəyimi düşünürdülər. Onlara sadəcə bir sözüm var. Təşəkkürlər. Bəlkə də, xainlər olmasa idi, biz heç vaxt superqəhrəman olmazdıq. Məhz buraya da imkansızın mümkün olduğunu sübut etməyə gəlmişəm. Bu olduqca təhlükəlidir, bəlkə də ölə bilərəm. Ümid edirəm, xoşunuza gələr. (Gülüş) Deyəsən, burada sizin köməyinizə ehtiyacım olacaq. Bir... Tamaşaçılar: iki, üç. Dan Meyer: Xeyr, sadəcə saymaqda kömək edin, oldu? (Gülüş) Sözləri bilirsinizsə mənimlə birgə sayın. Hazırsınızmi? Bir,.. İki,.. Üç. Yox iki, ancaq bu da ola bilər. Tamaşaçılar: Bir İki Üç (Heyrət səsləri) (Alqışar) Dan Meyer: Belə! (Alqışlar) (Təbrik səsləri) Çox sağ olun. Təşəkkürlər, çox sağ olun, təşəkkürlər! Bütün qəlbimlə sizə təşəkkür edirəm. Əslində, bütün mədəmlə təşəkkür edirəm. Sizə demişdim. Bura imkansızı etməyə gəlmişdim və bunu da etdim. Ancaq, bu heç də imkansız deyil, çünki bunu mən hər gün edirəm. İmkansız olan bu qorxaq, çılız və zəif uşağın qorxuları ilə üz-üzə gəlməsi idi. İmkansız olan onun buraya, [TEDx] səhnəsinə çıxması idi. Bir dəfəyə bir sözlə, bir qılıncla, həyatı dəyişdirməklə dünyanı dəyişdirməsi idi. Həyatınızda yeni cığırlar açmağı, sizi inandırmağı, imkansızın mümkün olduğuna inandırmağı, həyatda bütün imkansızları edə biləcəyinizə inandırmağı bacardımsa, deməli, vəzifəmi yerinə yetirə bilmişəm. Bu sizin üçün bir başlanğıcdır. Arzulamaqdan əl çəkməyin. İnancınızı heç vaxt itirməyin. Mənə inandığınız üçün sizə minnətdarlığımı bildirirəm. Arzularımın bir hissəsi olduğunuz üçün minnətdarlığımı bildirirəm. Bu da sizə hədiyyəm. imkanzıslar heç vaxt... Tamaşaçılar: İmkansız deyil. Qət etdiyim uzun yol isə hədiyyəmin bir hissəsi olsun. (Alqışlar) Çox sağ olun. (Alqış) (Təbrik sədaları) Aparıcı: Çox sağ olun Dan Meyer, əla!